Kommunist ideologiyanın qaranlıq üzü
|
20-ci əsr bəşər tarixinin ən qanlı dövrüdür. Bu əsrdə dünya müharibəsi, soyqırım, toplama düşərgələri, kimyəvi silahlar, nüvə silahları, bombardman, partizan döyüşü, terror hərəkatları kimi daha əvvəlki əsrlərdə duyulmamış və görünməmiş vəhşilik üsulları yaşanmışdır. Bu əsrdə saydığımız üsullarla öldürülən insanların sayı yüz milyonlarla ifadə edilir.
20-ci əsrin belə yadda qalmasının iki mühüm səbəbi vardır. Birincisi, inkişaf edən texnologiyanın qədim dövrlərdəki silahlara nisbətən daha öldürücü silahların istehsalına icazə verməsidir. İkinci səbəb isə - əsl mühüm olan budur- bu silahların istifadə edilməsinə səbəb olan ideologiyalardır. Təməlləri 19-cu əsrdə atılan müxtəlif “izm”lərin ən qanlı nəticəsi 20-ci əsrdə olmuşdur.
Kommunizm bu “izm”lərin ən qanlısı, ən qəddarı və ən geniş miqyaslısıdır. 20-ci əsrdə kommunist rejimlər və ya təşkilatlar tərəfindən öldürülən insan sayı təxminən 120 milyondur. 120 milyon insan sırf bu ideologiya uğrunda edam edilmiş, toplama düşərgələrində ölənə qədər çalışdırılaraq qətl edilmiş, “sürgün” adı altında evlərindən oğurlanıb Sibirdə yox edilmiş, qəsdən yaradılan qıtlıqlarla aclıqdan öldürülmüş, ən qorxunc həbsxanalarda ən qorxunc işgəncələrə məruz qalmış, beyni yuyulmuş, kommunist hərbçilər tərəfindən güllələnmiş, boğulmuş, parçalanmışdır. 1917-ci ildə Rusiyada gerçəkləşən qanlı Bolşevik İnqilabı ilə başlayan vəhşilik əvvəl yeni qurulan Sovetlər Birliyinə, ardınca Şərqi Avropaya, Çinə, Koreyaya, Vyetnama, Kambociyaya, Latın Amerikası ölkələrinə, Kubaya və Afrikaya yayılmışdır.
Leninin qəsdli qıtlıq siyasəti
20-ci əsrdəki kommunist rejimlərin demək olar ki, ortaq bir xüsusiyyəti xalqlarını böyük aclıqlara məhkum etmələridir. Lenin zamanında bütün Rusiyada 5 milyon insanın ölümünə səbəb olan bir qıtlıq yaşanmışdır. Stalin dövründə 1932-1933-cü illər arasında bu fəlakət daha geniş miqyasda təkrarlanmış və sadəcə Ukraynada tam 6 milyon insan qıtlıq nəticəsində aclıqdan can verərək ölmüşdür. Maonun Qızıl Çinində, Pol Potun Kambociyasında da milyonlarla insan qıtlıq nəticəsində ölmüşdür.
Qıtlığın nə olduğunu yaxşı düşünmək lazımdır. Supermarketlərin, mağazaların, restoranların dörd tərəfimizdə olduğu bir dövrdə qıtlıq bizə yad gələn bir anlayışdır və qıtlıq anlayışını eşidəndə bunu əksərən “bir müddət ac qalmaq” olaraq başa düşürük. Halbuki Rusiya, Çin, Kambociya kimi örnəklərdə yaşanan qıtlıq aylar və illər boyu davam edən daimi bir ac qalma halıdır. Sadəcə öz yetişdirdikləri məhsullarla (taxıl və düyü ilə ) qidalanan kəndlilərin əlindən bütün məhsulları məcburi alınmışdır. Bunlar alındıqdan sonra geriyə yeməyə heç nə qalmır. İnsanlar əvvəl ətrafdan topladıqları tərəvəzi, meyvəni və kəsə biləcəkləri heyvanları tapıb yeyirlər. Bunlar dərhal tükənir. Sonra yarpaqlar, otlar, ağac qabıqları qaynadılmağa başlanır. Həftələr keçdikcə bədənlər zəifləyir, incəlir. İnsanlar davamlı olaraq acdırlar. Bəzi insanlar it, pişik tutub yeməyə başlayırlar. Bu başqa canlılara, böcəklərə qədər davam edir. Nəticədə əzab içində qıvrılan insanlar bir-birinin ardınca ölməyə başlayır. Ölüləri basdırmağa insanların taqəti çatmır və ən sonda qıtlığın ən qorxunc ölçüsü ortaya çıxır: Hannibalizm. İnsanlar əvvəl ölüləri yeməyə başlayırlar. Sonra bir-birlərinə hücum etməyə, bir-birlərinin uşaqlarını qaçırıb, kəsib yeməyə başlayırlar. İnsanlıqdan çıxar və heyvanlaşırlar.
Elə kommunist rejimin məqsədi də budur.
Bu izah olunanlar – inanılmaz görünsə də- 20-ci əsrdə ilk olaraq Lenini rəhbərliyindəki Bolşevik Rusiyada yaşanmışdır.
Kommunist rejim altında hanniballaşan xalq
Bolşeviklər iqtidara gəldikdən bir müddət sonra 1918-ci ildə Lenin tərəfindən verilən bir qərarla xüsusi mülkiyyətin aradan qaldırılmasına yönəlmiş bir siyasət tətbiq etməyə başladılar. Bunun ən mühüm nəticəsi isə kəndlilərin tarlalarının dövlətləşdirilməsi və məhsullarının əllərindən alınması idi. Bolşevik döyüşçülər Çeka polisləri Qızıl Ordu qüvvələri Rusiyanın dörd tərəfindəki kəndləri basaraq onsuz da çox çətin şərtlərdə yaşayan kəndlilərin qida mənbəyi olan məhsulları silah gücü ilə toplamağa başladılar. Hər cütcü üçün bolşeviklərə verilməli bir kvota təyin edilmişdi, laki bu kvotanı tamamlaya bilmək üçün çoxunun əlindəki məhsulu verməsi lazım idi. Müqavimət göstərən kəndlilər isə vəhşicəsinə üsullarla susduruldu. Bəziləri əllərindəki buğdanın hamısını verməmək üçün məhsulun bir qismini gizli anbarlarda saxlayırdı. Ancaq belə davranışlar bolşeviklər tərəfindən “inqilaba xəyanət” sayılır və ağılalmaz vəhşiliklərlə cəzalandırılırdı. 14 fevral 1922-ci ildə tədqiqat aparmaq üçün bölgəyə gedən bir müfəttiş Omsk bölgəsindəki tətbiqatları belə danışırdı:
Zorakı qüvvələrin haqsız cinayətləri ağılalmaz ölçülərə gəlib çatdı. Həbs olunan kəndlilər sistematik şəkildə soyuq anbarlara atılır, qırmanclanır və ölümlə təhdid edilir. Təslim etməli olduqları kvotanın hamısını doldurmayanlar əlləri, qolları bağlanıb, çılpaq bir şəkildə kəndin əsas küçəsi boyu qaçmağa məcbur edilir və sonra da soyuq bir anbara atılır. Çox sayda qadın özündən gedənə qədər döyüldükdən sonra çılpaq olaraq qarda açılan çuxurlara atılır.
Leninin, kəndlilər üçün müəyyən etdiyi kvotanın doldurulmadığını gördükcə insanlara qarşı qəzəbi artırdı. Sonda müqavimət göstərən bəzi bölgələrdəki kəndlilərə 1920-ci ildə qorxunc bir cəza verildi: Bu kəndlilərin sadəcə məhsulları deyil, eyni zamanda əllərindəki toxumlar da toplanacaqdı. Toxumların toplanması kəndlilərin yeni məhsul istehsal etməmələri və mütləq qıtlıqla ölmələri demək idi. Elə də oldu. 1921 və 1922-ci illərdə Rusiya sərhədləri daxilində tam 29 milyon insan aclıqla üzləşdi. Bunların 5 milyonu da aclıq nəticəsində həyatını itirdi.
Qıtlıq dünya ictimaiyyətinə çatdırılanda qərbli ölkələr bu fəlakəti yüngülləşdirmək üçün yardım kampaniyaları təşkil etdilər və bir az olsun fəlakəti yüngülləşdirdilər. Amma çox gecikmişdilər, çünki bolşeviklər tətbiq etdikləri əkinçilik siyasətinin fəlakətini gizləmək üçün qıtlıqla bağlı xəbərlərin yayılmasını qadağan etmiş, belə bir hadisənin varlığını da israrla inkar etmişdilər. Riçard Payps (Richard Pipes) A Coincise History Of The Russian Revolution (Rus inqilabının qısa tarixi) adlı kitabında belə yazır:
1921-ci ilin yazında kəndlilər aclıq səbəbindən ot, ağac qabığı və gəmiriciləri yeyirdilər. Adamyeyənlik geniş yayılmışdı. Qısa zaman ərzində milyonlarla səfil insan yemək tapa biləcəkləri bir yerə getmək ümidi ilə ən yaxın qatar stansiyasına gedirdi. Bu insanların başqa yerə getməsinə də mane olunurdu, çünki Moskva 1921-ci ilin iyuluna qədər bir fəlakətin varlığını inkar edirdi. Heç vaxt gəlməyəcək qatarı, ya da onlar üçün labüd olan ölümü gözlədilər. Şəhəri ziyarət edənlər heç bir həyat nişanəsi görmədən gedirdilər, xalq ya oradan getmişdi, ya da evlərində hərəkət edə bilməyəcək qədər gücsüz bir şəkildə yatırdılar. Şəhər küçələrini cəsədlər kirlədirdi.2
Leninin aclıq siyasətinin gerçək səbəbi
Bəs bu aclıq siyasətinin hədəfi nə idi? Əlbəttə Lenin kəndlilərin məhsullarını toplayaraq bolşevik rejimini iqtisadi cəhətdən gücləndirmək və xüsusi mülkiyyəti ləğv edərək kommunist xəyalı gerçəkləşdirmək niyətində idi. Lakin insanları bilə-bilə qıtlığa sürükləməyin başqa bir məqsədi də vardı. Lenin qıtlığın insan psixologiyası üzərində təxribat yaradacağını bilir, bu yolla insanların Allah'a olan inanclarını yox etməyi və kilsəyə qarşı bir hərəkət başlatmağı hədəf almışdı. Kommunizmin Qara Kitabında Leninin bu zalım düşüncəsi belə açıqlanır:
1890-cu ildə gənc vəkil Vladimir Ulyanov-Lenin 1891-ci ildə aclıqdan ən çox təsirlənən əyalətlərdən birinin mərkəzi olan Samarada yaşayırdı. Yerli ziyalı yalnız aclara sosial yardım cəhdlərinə qoşulmamaqla kifayətlənməyib, qəti şəkildə belə bir yardıma qarşı olduğunu da açıqlayan tək təmsilçi idi. Yoldaşlarından birinin xatırladığına görə “Vladimir İlyiş Ulyanov aclığın bir çox müsbət tərəfləri olduğunu açıq ifadə etməkdən çəkinmirdi. Düşüncəsinə görə ortaya çıxacaq sənaye proletariyası burjua nizamını kökündən yox edəcəkdi. İnkişafdan qalmış kəndli iqtisadiyyatı məhv olarkən, aclıq bizi məqsədimizə yaxınlaşdıracaq və kapitalizmdən sonrakı mərhələ olan sosializmə nail olunacaqdı. Aclıq yalınz çarə deyil, Tanrıya olan inancı da yox edəcəkdi..."3
30 il sonra bolşevik hökumətinin rəhbəri olan gənc vəkil yenə eyni düşüncədə idi: Aclıq 'düşmənin başına ölümcül bir zərbə endirməyə' yaraya bilər və yaramalıydı. Bu düşmən Ortodoks kilsəsi idi.4
Lenin aclıq yolu ilə kütlələrin dinə olan bağlılığını qıracağını, onları təsirsizləşdirəcəyini, beləcə dini qurumlara qarşı planladığı hücumu daha asan həyata keçirəcəyini, 19 mart 1922-ci ildə Politbüro üzvlərinə göndərdiyi bir məktubda belə danışırdı:
Həqiqətən də, hazırkı vəziyyət onların deyil, bizim lehimizədir. Düşmənimizin başına ölümcül bir zərbə endirmək və gələcək on illər baxımından bizim üçün mövqeləri zəmanət altına almaq üçün yüzdə 99 şansımız var. Bütün bu ac insanın insan əti ilə qidalandığı, yolların yüzlərlə, minlərlə cəsədlə dolu olduğu elə indi kilsənin mallarına mərhəmətsiz bir enerji ilə sahib ola bilərik və dolayısı ilə də sahib olmalıyıq. İndi böyük kəndli kütlələri bizi dəstəkləyə bilər və ya bir ovuc qara üzlü ruhani və kiçik burjuaları dəstəkləməyəcək vəziyyətdə olar...Hər şey göstərir ki, başqa bir zaman məqsədimizə çata bilmərik, çünki sadəcə aclıqdan qaynaqlanan ümidsizlik kütlələrdə bizə qarşı xoşgörüşlü davranışlara yol aça bilər və ya ən azından bizə qarşı bitərəf ola bilərlər.
Lenin tətbiq etdiyi bütün bu zülmlə birlikdə kommunist vəhşiliyin ilk böyük nümunəsini nümayiş etdi. Onu izləyən Stalin və ya Mao kimi kommunist diktatorlar başlatdığı vəhşiliyi daha da böyüdəcəklərdi. Leninin sonu isə olduqca mənalı idi. 1922-ci ildən etibarən getdikcə artan bir xəstəlik Lenini yavaş-yavaş iflic etməyə başladı. 1923-cü ili əlil arabasında və böyük əzablar verən baş ağırları ilə boğuşaraq keçirdi. 1923-cü ilin martında infarkt keçirdi və bu tarixdən sonra düzgün danışma qabiliyyətini itirdi. Həyatının son aylarında Lenini görənlər dəhşətə qapılırdılar, çünki üzü qorxunc bir ifadəyə bürünmüşdü və yarı dəli vəziyətində idi. 1924-cü ilin 21 yanvar ayında beyin qanaması nəticəsində öldü.
Bolşeviklər Lenini mumyaladılar və çox dəyərli hesab etdikləri beynini xüsusi qoruma altına aldılar. Moskvadakı Qızıl Meydanda qədim yunan məbədlərini xatırladan bir məzara qoyulan cəsədi uzun növbələr yaradan izdihamlar tərəfindən ziyarət edildi. Ziyarətçilər cəsədə qorxu ilə baxırdılar.
Qorxuları növbəti illərdə daha da artacaqdı. Çünki Leninin ardınca Sovetlər Birliyi iqtidarını ələ keçirən Stalin Lenindən də zalım, daha sadist idi. Qısa zamanda müasir tarixin ən böyük “qorxu imperatorluğu”nu qurdu.
QEYDLƏR
1- Komünizmin Kara Kitabı, s.159-1602
2-Richard Pipes, A Coincise History Of The Russian Revolution, Vintage Books, Newyork, 1995, s. 357
3-A.Belyakov, Yunost vozdya (Önderin Gençliği), Moskova, 1960, s.80-82, aktaran M.Heller, "Premier avertissement: un coup de fouet. L'histoire de l'expulsion des personnalites culturelles hors de l'Union sovietique en 1922", Cahiers du monde Russe et Sovietique, cilt XX, no.2, Nisan-Haziran 1979, s.1346 7
4-Komünizmin Kara Kitabı, s.165
5-Komünizmin Kara Kitabı, s.167
|